Politics

Londra landromatı – Həcv – Medianews


Sizdən yaxşı olmasın, əziz oxucular, bir bəradərim var, ara-sıra satirik şeirlər yazır, kefinə düşəndə mənə göndərir. Hərdən onun gündəmlə səsləşən, aktual olan bəndlərindən yazılarımda istifadə edirəm.

Qardaş dünənki haqq-hesabdan təsirlənərək, “Londra landramatı” adlı bir şeir yazıb, kiçik bir izahatla göndərib ki, adları deputat Cavanşir Feyziyevin “cibgirlər və dələduzlar” siyahısına düşmüş jurnalistlərə dəstək olsun.

Eloğlu yazır: “Müəllim, adama yer eləyən odur ki, deputat halal qazancdan yazır. Bu ölkədə yaşayan hər kəsin həkimə, aptekə işi düşməmiş olmaz. Həkimə gedəndə adamın əlinə uzun bir resept verirlər, “bu, bu, dərmanları filan yerdən al” deyirlər ha, bax, bu, bir fırıldaq şəbəkəsidir. Neçə dəfə olub ki, həkimlərin yazdığı dərmanlar çox baha olub, resepti tanış-bilişə, qonum-qonşuya göstərmişəm, içində həkim olanlar deyiblər ki, bu dərmanları sənə kim yazıb, yarısı artıqdır, sənə lazım deyil. Məlum olub ki, dərman firmaları həkimlərə faiz ödəyir, onlar da reseptə 17 dərman yazır, hamısı da baha-baha, biz də gedib alırıq, ara yerdə canımız da gedir, pulumuz da, bunlar isə şellənirlər, balaları Londonda, Parisdə oxuyur, lüks maşınlarda gəzirlər. Kasıb da diri-zarıncı qalır. Hələ bu da gəlib halallıqdan danışır”.

Doğrusu belədir ki, bu mətləbləri ölkədə bilməyən yoxdur, şair qardaş da, necə deyərlər, “gördüyü nikü-bədi eyləyib izhar”, yazıb. Amma bu ölkənin əliəyriləri niyə ayıblarına kor olmurlar, susub bir tərəfdə ourmurlar, əksinə, özlərini “oynaşdan gəlib ər başı yaran” pis qadınlar kimi aparırlar?

Düzgün deyil. Xalqın cibini soymaq üçün yüz cür fırıldaq işlədən adamlar gərək bir az təvazökar olsunlar, dillərini şirin eləsinlər, yerə gələndə desinlər ki, bir səhvdir, olub, bağışlayın. Biz ürəyiyumşaq camaat olduğumuzdan tez sıyılırıq, deyirik, indi hamı necə qazanıb, o da elə edib, asmayaq, kəsməyək.

Amma o boyda qələt qarışdırandan sonra hələ bir ona-buna çamur atanda, iftira, təhqir söyləyəndə ortaya belə həcvlər çıxır, etirazlar yüksəlir, şəbədələr qoşulur.

Uzun sözün kəsəsi, bir az aşağıda şair bəradərin aktual şeirini oxuya bilərsiniz, deyir, hardandır bu qədər pul deputatda ki, belə uzanıb dil deputatda. Hərçənd aşağdakı bəndlərdə şair pulun mənbəyini də göstərib.

Buyurun, oxuyun:

Adını Cavanşir qoydular ki, o,
Girdman sahilində cavan şir olsun.
Girdi pullanan tək Londona yoldaş
Temza sahilində “təmiz ser” olsun.

Hardandır bu qədər pul deputatda?
Ki, belə uzanıb dil deputatda.
Bu, nə özgüvəndir qul deputatda,
Bura Misirdimi, qul əmir olsun?

Kasıbın qarnına dolanda sancı,
Saxta reseptlərə gedir qazancı.
Həkimə ödənən faiz qırmancı
Bunların gözünə girən tir olsun.

Aparıb pulunu ora on çanta,
Dəyişib avroya, dollara, funta.
Lotular götürüb üstündən renta,
Deyiblər, əlindən gedən kir olsun.

Həm ütük adamdır, həm də ki fəndgir,
Həm cələkəsəndir, həm də möhtəkir.
İndi ona-buna ad qoyur: “…cibgir”,
Çətin özü kimi bir cibgir olsun.

Dələduz kim imiş, millət görəcək,
Dürüst qiymətini mütləq verəcək.
Biri elə bilir, pul göndərəcək,
Az qalır cənaba çul, həsir olsun.

Əcəbdir Londra landromatı,
Olub ingilisin baş bankomatı.
Peşəsi soymaqdır hər amanatı,
Fərqi yox, Cavanşir, Cahangir olsun.





Source link

Leave a Reply

Your email address will not be published.

close