Politics

Oxu.az – İlham Əliyevin Türkiyə səfəri: Qardaşlığa dair daha bir nümunə



“Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ikinci bir dövlət yoxdur. Soy-kökümüzün bir olması, tarixi qardaşlıq və hər dəfə dara düşəndə bir-birimizə dayaq olmaq – bu gün bu iki dövləti bütün dünyaya nümunə olacaq qardaşlıq rəmzinə çevirib”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Azərbaycan Prezidenti İlham Əliyevin Rize-Artvin hava limanının açılışında iştirakına münasibət bildirərkən deyib.

Mayın 14-də dövlət başçısı İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə işgüzar səfərə gedib.

Liderlər açılışdan öncə görüşüblər, daha sonra açılış mərasimində çıxış ediblər.

Deputat V.İskəndərov bildirib ki, Türkiyə xalqının ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri ötən hər gün daha da inkişaf edir və dərinləşir.

“Ümumiyyətlə, bu kəlamlar müasir dövrün reallığında öz təsdiqini tapır. Bunun üçün 44 günlük Vətən müharibəsi zamanı və postmüharibə dövründə atılan addımlara nəzər yetirmək kifayətdir”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, müharibə günlərində və ondan sonra atılan addımlar bir daha sübut etdi ki, bir millət, iki dövlət olan Azərbaycanla Türkiyə dar gündə də, xoş gündə də çiyin-çiyinə dayanırlar:

“Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsinin ilk saatlarından sonuna kimi başda hörmətli Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək göstərdi. Müharibədən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə başlanan abadlıq-bərpa işlərində əlini daşın altına ilk qoyan məhz qardaş ölkənin şirkətləri oldu. Həmin şirkətlər bu gün də o ərazilərdə öz işlərini şərəflə yerinə yetirirlər”.

V.İskəndərov deyib ki, xalqların tarixi bağlarına və iki qardaş ölkənin prezidentlərinin siyasi iradəsinə söykənən Türkiyə-Azərbaycan əlaqələri Şuşa Bəyannaməsinin imzalanması ilə yeni mərhələyə qədəm qoyub:

“Təxminən bir il öncə imzalanan müttəfiqlik haqqında Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirdi. Bu Bəyannamə iki xalqın tarix, soy-kök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləməklə yanaşı, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterindən xəbər verir”.

Millət vəkili xatırladıb ki, Cənubi Qafqazdakı yeni reallıq dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər edib.  

“Türkiyə lideri Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etdi. Bundan əvvəl isə iki ölkə arasında müttəfiqlik haqqında Bəyannamə Şuşada imzalanmışdı.

Mayın 14-də dənizin üzərində inşa edilən nəhəng layihə – Rize-Artvin hava limanının iki qardaş ölkə rəhbərinin iştirakı ilə açılışı oldu. İki ölkə başçısının bu cür tədbirlərdə bir yerdə iştirakı bu dövlətlərin həmrəyliyindən xəbər verir. Bu da eyni soy-kökdən olan müxtəlif dünya ölkələri üçün bir örnək olmalıdır”, – deyə deputat fikrini yekunlaşdırıb.

Aqşin Kərimov



Source link

Leave a Reply

Your email address will not be published.