Politics

Şimal-Cənub dəhlizinə qarşı Şərq-Qərb dəhlizi…


Ukraynadakı müharibə səbəbindən Şimal-Cənub dəhlizi logistika baxımından alternativ olmaqdan çıxıb, Şərq-Qərb əhəmiyyət kəsb etməyə başlayıb 

“Artıq Şimal-Cənub dəhlizi logistika baxımından alternativ olmaqdan çıxıb”. “Yeni Müsavat” bildirir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Türkiyə XİN rəhbəri bildirib ki, bunun üçün də artıq Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçən Şərq-Qərb dəhlizi həyati dərəcədə əhəmiyyət kəsb etməyə başlayıb:

“Biz də bunları dəyərləndiririk. Ötən həftələrdə Özbəkistanda Türkiyə, Özbəkistan, Azərbaycan xarici işlər nazirlər və nəqliyyat, logistika nazirlərinin toplantısını həyata keçirdik. Bu dəhlizi gücləndirməyin yollarını müzakirə etdik. Bundan öncə də Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan nazirlərinin iclası keçirildi. Ticarətin, daşınmanın asanlaşdırılması üçün yollar axtarırıq. Qarşıdakı dövrdə enerji nazirlərini də prosesə cəlb edəcəyik”. Böyük ehtimalla, Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında da bu məsələ müzakirə ediləcək. Şərq-Qərb dəhlizini mühüm edən amillər nədən ibarətdir? Burada Zəngəzur dəhlizinin önəmi xüsusi vurğulanmalıdır. Bəlkə də buna görədir ki, müəyyən güclər, o cümlədən İran Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərir. Şərq-Qərb dəhlizi hansı parametrlərə görə Şimal-Cənub dəhlizindən üstündür?

Regionun əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi Azərbaycan ərazisindən keçən Şərq-Qərb nəqliyyat dəhlizi Avropa və Asiya qitəsini birləşdirən ən qısa nəqliyyat marşrutudur və Çin-Qazaxıstan sərhədindən Avropa arasında yükdaşımalarda mühüm əhəmiyyətə malikdir. Bu marşrut xətti yükdaşımaların vaxtına, həmçinin yükdaşımalara çəkilən xərclərə qənaət etməyə imkan verir. Belə desək, Zəngəzur dəhlizi… TransXəzər Şərq-Qərb Orta koridor və ya qısaca Orta koridor Çin-Azərbaycan münasibətlərinin inkişafında, iki ölkə arasında ticarət dövriyyəsinin artmasında da özünü göstərməkdədir. Bunun nəticəsidir ki, bu gün Çin Azərbaycanın dörd ən böyük ticarət tərəfdaşından biridir. 5400 km-lik Şərq-Qərb nəqliyyat dəhlizi boyunca orta tranzit müddəti 15 gündür. Ənənəvi dəniz yolu ilə müqayisədə isə bu marşrutla yükləri Çindən Avropaya 3 dəfə daha az müddətə çatdırmaq mümkündür. Bir sözlə, Şərq-Qərb nəqliyyat dəhlizi Çin və Avropa arasında ən qısa marşrutdur. “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizində yüklərin 50 faizi dəmir yolu nəqliyyatı ilə həyata keçirilir. Bu koridor vasitəsilə yüklər Avropaya iki istiqamət üzrə nəql edilir: Gürcüstanın Poti və Batumi limanları vasitəsilə və Bakı-Tiflis-Qars dəmir yolu ilə. Bakı-Tiflis-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur.

Zəngəzur nəqliyyat dəhlizi  Azərbaycan ərazisindən keçməklə Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin bir hissəsinə çevriləcək, Azərbaycan Avropa iqtisadi halqasını Şərqi Asiya ilə birləşdirən yeni bir nöqtədir. Zəngəzur dəhlizinin aktuallaşması üzrə fəal işlər aparılır, nəqliyyat-kommunikasiya layihələri nəzərdən keçirilir. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Şübhəsiz ki, bu da, öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.

Toğrul İsmayıl: “Zəngəzur dəhlizi Şərq-Qərb marşrutunun bir parçasıdır”

Ankara Universitetinin professoru Toğrul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, Zəngəzur dəhlizi Şərq-Qərb marşrutunun bir parçasıdır. Onun fikrincə, Rusiyanın Ukraynaya hücumundan sonra Çindən Avropaya gedən daşınma marşrutu, enerji sistemlərinin logistikası dəyişməyə başlayıb: “Bu bir reallıqdır və Çavuşoğlu da həmin məsələni qeyd edir. Yəni Ukraynada gedən savaş səbəbindən artıq Şimal-Cənub dəhlizi alternativliyini itirməkdədir. Artıq Şərqlə, yəni Çinlə Avropanı birləşdirən yeni marşrut xətti Şərq-Qərb dəhlizidir. Ona görə bu yolun əhəmiyyəti getdikcə artacaq. Təbii ki, Zəngəzur dəhlizi də bu prosesdə mühüm rola malikdir”. T.İsmayılın sözlərinə görə, bu gün sərhəddə baş verən toqquşmaların bir neçə funksiyası var ki, onlardan biri Zəngəzur dəhlizinin açılmasına müvəffəq olmaqdır: “Həmçinin üçtərəfli sənəddə götürülən öhdəliklərin  yerinə yetirilməsi, sərhəddə təhlükəsizlik və s. vacib amillərdir. Bəli, Prezident İlham Əliyev demişdi ki, Zəngəzur dəhlizi açmazsa, koridor niyyətindən imtina etməyə başlasa, Azərbaycan güc tətbiq edə bilər. Bu da baş verənlərlə bağlı müəyyən əsas yarada bilər, amma hazırkı məsələlər koridorun açılmasından daha çox sərhəddə təhlükəsizliyi təmin etmək və Ermənistanı sülhə məcburetmə xarakteri daşıyır”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”





Source link

Leave a Reply

Your email address will not be published.

close