Politics

Söküləcək, yoxsa sənəd veriləcək? – PROBLEM



Ekspert deyir ki, qanunsuz tikili və sənədsiz evlər probleminin birdən-birə, yaxud cəmi bir-iki il ərzində həllini tapacağını iddia etmək çətindir. Yəqin ki, problemə mərhələ-mərhələ əncam çəkiləcək.
 
Azərbaycanda sənədsiz evlər, qanunsuz tikililər uzun illərdir əsas problemlərdən biri kimi diqqət çəkir. Zaman-zaman müvafiq dövlət qurumları bu barədə həyəcan təbili çalıb, ölkədə yüz minlərlə qanunsuz tikilinin statistik göstəricisini açıqlayıb. Həmin tikililərin böyük əksəriyyətinin paytaxt Bakıda olması ictimaiyyətə bildirilib. Qeyd olunub ki, müvafiq qurumlar tərəfindən belə hallara qarşı daim mübarizə aparılır, qanunun tələbini pozan, qanunsuz tikinti işi aparanlar məsuliyyətə cəlb olunur, cəzalandırılır. Bütün bunlara rəğmən, ölkədə qanunsuz tikili, sənədsiz evlər problemi hələ də həllini tapmayıb.

Mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik:
 
Obyektiv və subyektiv səbəblər

Bir müddət bundan öncə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu məsələyə yenidən diqqət çəkib. O, jurnalistlərə açıqlamasında deyib ki, rəhbərlik etdiyi dövlət qurumu ölkədə qanunsuz tikililərin qarşısının alınması ilə bağlı tədbirləri davam etdirir. Nazir söyləyib ki, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, həmçinin rayon icra hakimiyyətlərinin tərkibində olan komissiya ilə birlikdə nəzarət tədbirləri gücləndirilib. Qanunsuz tikililərlə bağlı obyektiv və subyektiv səbəblərin mövcudluğuna diqqət çəkən K.Heydərov Azərbaycanda bir neçə ilə qanunsuz tikili olmayacağını vurğulayıb. O, qanunsuz tikililərin insan həyatı üçün təhlükəli olduğunu, belə tikililərin dövlət tərəfindən qəbul edilməyəcəyini bir daha bəyan edib.

Problem mərhələ-mərhələ həllini tapacaq

Maraqlıdır, yaxın bir neçə ildə ölkənin qanunsuz tikili problemi birdəfəlik necə tənzimlənəcək? Ümumiyyətlə, bu problem nədən yaranır? Mövzu ilə bağlı fikirlərini “Kaspi” qəzetinə açıqlayan əmlak eksperti Nüsrət İbrahimli qanunsuz və sənədsiz tikili probleminin nə vaxtsa öz həllini tapacağına əminlik ifadə edib. Deyib ki, tikinti işi görən, sənədsiz evdə yaşayan vətəndaşın əlində hüquqi baxımdan hər hansı bir sənədin olması gələcəkdə kifayət edəcək ki, mövcud problem mərhələ-mərhələ həllini tapsın: “Azərbaycandakı qanunsuz tikili və sənədsiz evlər probleminin birdən-birə, yaxud cəmi bir-iki il ərzində həllini tapacağını söyləmək inandırıcı deyil. İllərdir mövcud olan və hər il artan bir problemin qısa müddətdə həllini tapması qeyri-mümkündür. Yəqin ki, mərhələ-mərhələ problemə əncam çəkilər, bu, belə qalmaz. Belə problemlərin meydana çıxmasında vətəndaşlarla yanaşı, müvafiq dövlət qurumlarının da məsuliyyəti var. Vətəndaş özünün mənzil problemini həll edə bilmək üçün daha ucuz varianta əl atır. O, ilk növbədə ucuz, hər hansı sənədi olmayan torpaq alır, ardınca orada ev tikib mənzil qayğısını həll etməyə, yaşamağa çalışır. Bunun üçün vətəndaş gizlin şəkildə, yaxud kimlərləsə sövdələşməyə girərək heç bir sənədləşmə işi aparmadan tikinti işi aparır. Halbuki bu prosesə nəzarət edən aidiyyəti dövlət qurumları var, onlar nəzarət etməlidirlər ki, belə bir iş görülməsin”.
 
İnzibati nəzarəti gücləndirmək

Ekspert vurğulayıb ki, bu kimi halların baş verməməsi üçün inzibati tədbirlərdən əlavə olaraq, digər addımlar da atılmalıdır: “Misal üçün, dövlət elə siyasət həyata keçirməlidir ki, mənzillər bütün vətəndaşlar üçün əlçatan olsun, ucuz mənzillərin tikintisi kütləvi xarakter alsın. Nəticə etibarilə də vətəndaşlar müəyyən yumşaq kredit şərtləri ilə belə mənzilləri ala, mənzil problemlərini bu yolla həll edə bilsinlər. Siyasət bu istiqamətdə qurulmalıdır. Düzdür, Mənzil İnşaat Dövlət Agentliyi bu istiqamətdə fəaliyyət göstərir, lakin onun fəaliyyət həcmi kifayət qədər geniş deyil, bazarın tələbini hələlik ödəmir. Ümid edək ki, yaxın bir-iki ildə bu tələbat ödənər və vətəndaşların mənzil problemi həllini tapar. Ümumilikdə, qanunsuz tikililər, sənədsiz evlər probleminin iki həll yolu var. Birincisi, inzibati nəzarəti gücləndirmək, ikincisi vətəndaşların alıcılıq qabiliyyətinə uyğun mənzillər tikib bazara təklif etmək”.

Hərtərəfli yanaşma ortaya qoymalıyıq

N.İbrahimli söyləyib ki, problemin daha dərin kökü məşğulluğun aşağı olmasındadır: “İnsanlar məşğulluqla tam təmin olunmalıdır. Günün tələbinə uyğun real əməkhaqqı, gəliri olmalıdır vətəndaşın. Bu iki qayğı həll olunduqdan sonra növbəti mərhələ mənzil şəraitinin yaxşılaşdırılması olacaq. Məşğulluğu təmin edilən, real gəliri olan vətəndaş mənzil problemini də normal qaydada həll edə biləcək. Müvafiq kredit təşkilatları da bazarla sıx işləməyi bacarmalı, bazarın tələbinə uyğun siyasət yürütməlidirlər. Təəssüf ki, bu istiqamətdə vəziyyət heç də yaxşı deyil. Göründüyü kimi, bütün məsələlər bir-biri ilə zəncirvari bağlılıq təşkil edir. Əgər bir problemin həllini doğrudan da istəyiriksə, ona hərtərəfli yanaşma ortaya qoymalıyıq. Sadəcə qanunvericiliyi, o cümlədən Cinayət Məcəlləsini əsas götürüb inzibati yollarla problemin həllinə çalışsaq, bu, müsbət nəticə verməyəcək”.

Özbaşına tikintiyə görə cəza

Xatırladaq ki, Cinayət Məcəlləsinin “İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər” adlı XXV fəslinin 222-ci Maddəsində özbaşına tikinti işləri aparan şəxslərə qarşı tətbiq edilən cəza tədbirləri əks olunub. Qanunun 222-1.1. bəndində göstərilib ki, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikən şəxs iki ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan başqa, (Maddə 222-3.) qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti, yenidən planlaşdırma, yenidənqurma və mövcud tikililərin konstruksiyalarında dəyişiklik aparılması işlərinin dayandırılması barədə müvafiq dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməyən şəxs iki ilədək müddətə islah işləri, üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır.



Source link

Leave a Reply

Your email address will not be published.

close